FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Eurovision maraqlı faktlarda

56 illik tarixə malik olan və bu günədək fasiləsiz keçirilən Eurovision Mahnı Müsabiqəsi bir çox maraqlı faktlarla yadda qalıb.

Avropanın ən nüfuzlu mahnı yarışması-Eurovision Mahnı Müsabiqəsi Avropa Yayımları Birliyinə  (EBU) üzv ölkələr arasında təşkil edilir. EBU belə bir müsabiqəni keçirməklə Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ən əsası ortaq mədəniyyət mühitinin yaradılması kimi məqsədləri qarşısına qoymuşdu.

İlk dəfə 1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərindəki “Kuursaal teatro”da keçirilən bu yarışmada 7 ölkə-Niderland, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliya təmsil olunub.  Müsabiqənin ilk qalibi İsveçrə təmsilçisi Lis Assia (Lys Assia) seçilib. Müğənniyə  qalibiyyəti ifa etdiyi “Refrain” adlı mahnı qazandırmışdı.

Lys Assia

Müsabiqənin ilk qalibi Lis Assianın EMM-dəki çıxışı

Bu günədək müsabiqədə 1100-dən çox mahnı ifa edilib. Eurovision səhnəsində ifa qaydalara əsasən fonoqram qadağandır. Təmsilçilərin əksəriyyətinin mahnılarını ingilis dilində ifa etməyi üstün tutmasına baxmayaraq, qaydalara görə mahnı istənilən dildə oxuna bilər.

Ümumiyyətlə, Eurovision Mahnı Müsabiqəsi ötən illərdə saysız-hesabsız maraqlı faktlarla yadda qalıb.

Müsabiqədə bu illər ərzində ən çox qalibiyyəti İrlandiya əldə edib. Bu ölkə müsabiqədə 7 dəfə-1970, 1981, 1987, 1992, 1993, 1994 və 1996-cı illərdə birincilik qazanıb. Göründüyü kimi bunların 3-ü ardıcıl qələbə olub. Buna baxmayaraq İrlandiya heç bir zaman Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyindən imtina etməyib.

Böyük Britaniya, Fransa və Lüksemburq da ən çox qalib olan ölkələr kimi müsabiqənin tarixinə düşüb. Bu ölkələrin hər biri 5 dəfə, İsveç və Niderland isə 4 dəfə birincilik qazanıb.

Müsabiqədə İrlandiya ən çox qalib gələn ölkə olsa da, yarışmaya ən çox Böyük Britaniya ev sahibliyi edib. Digər qalib ölkələr müsabiqəni keçirməkdən imtina etdikdə belə  Böyük Britaniya  yarışmada ev sahibi  olub. 1960, 1963, 1968, 1972, 1974, 1977, 1982 və 1998-ci illərdə Eurovision Mahnı Müsabiqəsinin ev sahibi olan Böyük Britaniya yarışmanı 5 dəfə öz qələbəsi, 3 dəfə isə digər ölkənin əvəzindən keçirib.

Diqqət çəkən digər məqam:  müsabiqədə Portuqaliyanın 45 dəfə, Kiprin 29 dəfə,  Malta və  İslandiyanın 24 dəfə iştirak etməsinə baxmayaraq bu ölkələr hələ də qalib olmayıblar. Ümumiyyətlə isə 25 ölkə Eurovision Mahnı Müsabiqəsi tarixində öz qələbəsini gözləməkdədir.

Eurovision Mahnı Müsabiqəsinin ən gənc qalibi 1986-cı ildə 13 yaşlı Belçika təmsilçisi Sandra Kim hesab edilir. Müsabiqəyə 53 dəfə qatılan Belçikaya yeganə qələbəni məhz italyan mənşəli Sandra Kim gətirib.  Hazırkı qaydalara əsasən isə Eurovision Mahnı Müsabiqəsində təmsilçinin yaşı 16-dan yuxarı olmalıdır.

Sandra Kim

13 yaşlı Sandra Kim EMM-in ən gənc qalibi olub

Müsabiqədə ən çox Almaniya (55 dəfə), ən az isə Mərakeş (1 dəfə) iştirak edib. Yarışmada ilk debütünü 1980-ci ildə edən Mərakeşin təmsilçisi Samira Bensaid o zaman 7 səs qazanmışdı. Müsabiqə tarixində maraqlı məqamlardan biri də EBU üzvlərindən bir neçə ölkənin-İordaniya, Livan, Əlcəzair, Misir, Liviya və Tunis müsabiqədə iştirak etmək hüququna malik olsa da, heç vaxt iştirak ərizələri verməməlidir. Livan 2005-ci ildə müsabiqədə iştirak üçün ərizə versə də sonradan geri götürmüşdü.

Daha çox ənənəvi pop ifaçılarının qatıldığı Eurovision Mahnı Müsabiqəsində Finlandiyanın “Lordi” rok qrupunun qalib gəlməsi də maraqlı faktlardan sayılır. Qrup “Hard Rock Hallelujah” mahnısı ilə,  qeyri-adi görkəmləri ilə Avropa ictimaiyyətinin rəğbətini qazanmağı bacardı və ölkələrinə hələlik yeganə qələbəni gətirdi. Müsabiqə ərəfəsində ölkəsində səhnə görkəminə görə böyük qınaq obyektinə çevrilən “Lordi” Finlandiyaya qalib döndü.

Eurovision Mahnı Müsabiqəsinin ən məşhur musiqi qrupu isə əlbəttə ABBA-dır. 1974-cü ildə Böyük Britaniyada keçirilən müsabiqədə "Waterloo" mahnısı ilə İsveçi təmsil edərək qələbə qazanan ABBA bütün zamanların ən uğurlu qruplarından biri olub.

ABBA

ABBA qrupunun 1974-cü ildə EMM-də çıxışı

Selin Dion (Celine Dion)  müsabiqənin digər fəxr ediləsi qaliblərindəndir. Yarışmanı 1988-də “Ne partez pas sans moi” parçası ilə qazanan Selin Dionun bu qələbəsi onun karyerasına təkan verdi.

Selin Dion

Selin Dion (Celine Dion) 1988-ci ildə Eurovision Mahnı Müsabiqəsində iştirak edib

Eurovision Mahnı Müsabiqəsi Fransa təmsilçisi, məşhur müğənni Patrisiya Kaas, Lara Fabian, Ajda Pekkan, Alla Puqaçova kimi tanınmışların iştirakı ilə də yadda qalıb.

Müsabiqənin yayımından əvvəl və sonra səsləndirilən musiqi parçası-“Eurovision himni” isə fransız bəstəkarı Mark Antuan Şarpantyenin (Marc Antoine Charpentier)  "Te Deum" əsərinin müqəddiməsidir.

Eurovision himni

"Eurovision himni" məşhur klassik musiqinin müqəddiməsindəndir

Almaniyalı Ralf  Ziqel (Ralph Siegal)  bəstəkar və mətn yazarı kimi Eurovision Mahnı Müsabiqəsində daha çox iştirakçı kimi düşüb. O, Eurovision Mahnı Müsabiqəsində 19 dəfə iştirak edib.

Bu müddət ərzində müsabiqədə ən çox bal toplayan təmsilçi 2009-cu ildə Norveçi təmsil edən Aleksandr Rıbak  olub. “Fairytale” mahnısı ilə milyonların ürəyini fəth edən müğənni 387 bal toplayaraq rekord göstərici ilə müsabiqə tarixinə düşməyi bacarıb.

2008 və 2011-ci illər isə daha çox iştirakçı ölkə ilə yadda qalıb. Həmin illərdə Eurovision Mahnı Müsabiqəsində 43 ölkə təmsil olunurdu.

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!