FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

Muzeylər

Azərbaycanın tarixi və mədəniyyətini tanımaqda muzeylərimiz sizə yardımçı olacaq. Biz bir qədər bələdçilik edib paytaxt Bakıdakı muzeylərimiz barədə qısa məlumat verək. Siz isə tariximiz, musiqimiz və ədəbiyyat salnaməmizi özündə yaşadan muzeylərimizə baş çəkin ki, Azərbaycanımızı  daha yaxından tanıya biləsiniz.

Milli Azərbaycan Tarix Muzeyi

1920-ci ildə təsis edilmiş Milli Azərbaycan Tarixi Muzeyi Qafqaz regionunun ən böyük muzeylərindən biridir.  Hazırda muzey olan bu bina  böyük neft maqnatı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyeva aid olub və 1896-cı ildə inşa edilib. Muzeyin kolleksiya və fondlarında 2500-dən çox eksponat var. 36 zaldan ibarət muzey qonaqları ölkəmizin qədim, orta əsr, yeni və müasir tarixi ilə tanış edir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Bakının mərkəzi küçələrindən birində yerləsir və gözəl memarlıq nümunəsidir. Muzeyi 1939-cu ildə Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) 800 illiyi münasibəti ilə yaradılıb, 1945-ci ildən isə istifadəyə verilib. Geniş 23 zalda siz ötən əsrlərə səyahət edib Nizami Gəncəvi, Məhəmməd Fizuli, M.F.Axundov, C.Cabbarlı, C.Məmmədquluzadə kimi böyük Azərbaycan klassiklərimizin bədii irsi ilə tanış ola bilərsiniz. Hazırda muzey fondunda 76 mindən çox eksponat saxlanılır.

Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyi

R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində qədim əsrlərdən müasir dövrə qədər təsviri və dekorativ-tətbiqi sənət əsərləri nümunələri toplanıb. Təsviri sənətin bütün növlərini özündə tam dolğunluğu ilə əks etdirən muzeydə Azərbaycan, Qərbi Avropa, Rusiya, Şərq ölkələrinin incəsənət nümunələri nümayiş olunur.

Qərbi Avropa: İtaliya, Flandriya, Niderland, Almaniya, Fransa incəsənətini muzeydə L.Bassano, F.Solimena, A.Brauver, Y.Sustermans, P.KIass, A.F. Kaulbax, J.Dyüpre, Q.Dyüqe və XVI-XIX əsrlərin başqa məshur sənətkarlarının əsərləri təmsil edir. Rus boyakarlıq məktəbi XVIII-XIX əsrin tanınmış rəssamlarının-V.Borovikovski, N.Arqunov, V.Tropinin, İ.Şişkin, V.Vereşşagin, İ.Ayvazovski, K.Korovin və digərlərinin əsərləri ilə təqdim olunur. 

Azərbaycan incəsənəti ekspozisiyası tamaşaçını köklərini qədim dövrlərdən götürən təsviri incəsənətimizin müasirliyə qədər keçdiyi inkişaf  yolunda yaradılmış nəfis sənət nümunələri ilə tanış edir. Burada arxeoloji qazıntılar zamanı Mingəçevir və Xanlar rayonları ərazisindən tapılan, e.ə. VI-IV minilliklərə aid edilən məişət əsyaları, XI-XIX əsrlərin bürünc, mis məmulatları, Quba, Təbriz, Bakı, Şirvan, Qarabağ, Qazax kimi xalça mərkəzlərində toxunmuş xalçalar, şəbəkə, döymə, oyma üslublarında yaradılmış zərgərlik nümunələri sərgilənir.

Muzeyin 42 zalında 12 min eksponat yerləsir.

Müasir İncəsənət Muzeyi

Müasir İncəsənət Muzeyi 20 mart 2009-cu ildə fəaliyyətə başlayıb.   Burada avanqard  üslubunda 1000-ə  yaxın Azərbaycan heykəltəraşlıq və incəsənət əsərləri var. Muzeyə gələn qonaqlar Azərbaycan mədəniyyətinin xəzinəsi olan  xalq rəssamları və heykəltəraşlarının əl işləri ilə tanış ola bilər. 

Burada  uşaq incəsənət zalı, kitabxana, videozal, restoran və art-kafe var.

Nobel Qardaşları Muzeyi (Villa Petrolea)

Bakıdakı Nobel Qardaşları Muzeyi 2008-ci ildən fəaliyyət göstərir. 1882-ci ildə Nobel qardaşları tərəfindən inşa olunan və "Villa Petrolea" adlandırılan kompleks yenidən bərpa olunub. Muzey Azərbaycanda fəaliyyət göstərən Nobellər İrsinin Bakı Fondunun təsəbbüsü ilə yaranıb. Bura Nobellər irsinin İsveçrədən kənar ilk muzeyidir. Bu gün muzeydə Nobellər ailəsinin istifadə etdiyi məişət əsyaları toplanıb. Bütünlükdə evin interyeri sadə Avropasayağı üslubdadır. Amma otaqlardan biri Şərq üslubunda bəzədilib. Hazırda muzey Nobel ailəsinə məxsus çoxsaylı xatirə əsyalarını nümayiş etməklə yanaşı, burada banket və təntənəli tədbirlər də  keçirilir.

Muzeylər Mərkəzi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi 1960-cı ildə yaradılıb.  Muzey Mərkəzində Azərbaycan Dövlət Xalça və  xalq-tətbiqi sənəti Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatrı Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi yerləsir. Binanın 4-cü mərtəbəsində 5 zalda nümayiş olunan və şəhərin ən böyük gözəl qalereyalarından olan İncəsənət Qalereyası var.

Azərbaycan Dövlət Xalça və xalq tətbiqi sənəti Muzeyi

Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və xalq tətbiqi sənəti muzeyində 10000  nadir,  orijinal xalçalar və sənətkarlıq nümunələri var.

Xalçalardan başqa milli koloriti və xarakteri əks etdirən dekorativ və xalq tətbiqi sənətinin bir çox nümunələri də sərgilənir. Bunların sırasında milli geyimlər, bədii tikiş, qızıldan və gümüşdən hazırlanan zinət əsyaları, soyuq silah, ağac və daş nümunələri var. Eksponatların bir çoxu tunc dövründən bizə gəlib çatıb. Muzeyin kolleksiyası müxtəlif növ  xalçalardan, palaz, kilimlərdən və. s ibarətdir.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi

Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü  ildə yaranıb. Muzeyin fondunda 117.000-dən çox eksponat saxlanılır. Bu eksponatlarla Azərbaycanda teatrın yaranışı, keçdiyi inkişaf yolu,  mədəniyyət tarixinin korifeyləri haqda məlumat əldə etmək olar. Muzeydə afişalar və proqramlar,  əlyazmalar,  məktublar,  fotolar və tamaşalar üçün maketlər, dekorativ geyimlərin eskizləri, rekvizitlər və şəxsi əsyalar, teatral kostyumlar, kinolentlər, obrazlar, səsyazmalar və.s qiymətli eksponatlar var.

Azərbaycan  İstiqlal  Muzeyi

Azərbaycan İstiqlal Muzeyinin əsası 9 yanvar 1991-ci  ildə qoyulub. Hazırda muzeydə 20 000-dən artıq eksponat var. Muzeyin əsas məqsədi Azərbaycan xalqının qədim dövrlərdən bu günə qədər öz müstəqilliyi uğrunda apardığı mübarizəni göstərməkdir. İstiqlal Muzeyində heykəltəraşlıq və numizmatika nümunələri, rəsm əsərləri, xəritələr, fotolar,  kitablar və digər eksponatlar nümayiş etdirilir.

Musiqi Mədəniyyəti Muzeyi

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi 1967-ci ildә yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğidir. Muzeyin fondunda 40 minә yaxın eksponat toplanıb. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәylinin, milli professional vokal sәnәtinin banisi Bülbülun, görkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrәt Әmirovun və digər musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyası sırasındadır. Muzeyin nәzdindә 14 musiqiçini özundә birlәşdirәn "Qәdim Musiqi Alәtlәri Ansamblı" fәaliyyәt gostәrir. Bunlara çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu, rubab və qopuz  musiqi alətləri aiddir. Onları yalnız bu muzeydə görmək mümkündür.

Miniatür Kitab Muzeyi

2002-ci  ildən  Bakıda  dünyanın unikal mədəniyət obyektlərindən olan Miniatür Kitab Muzeyi fəaliyyətə başlayıb. Burada dünyanın 60 ölkəsində çap olunmuş 4000-dən artıq kitab təqdim olunur. Ən xırda kitabın ölçüsü 2x2 millimetrdir. Ümumilikdə ekspozisiya fondunda 6000-ə yaxın kitab var. Bunlara "Kitabi Dədə Qorqud", "Quran-i-Kərim", "Koroğlu" kimi kitablar və Nizami Gəncəvi, Xaqani, Məhsəti Gəncəvi, Nəsimi kimi klassiklərimizin əsərləri ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatının və dünya ədəbiyyatı korifeylərinin–Şekspir, Bayron, Puşkinin əsərləri  nümayiş etdirilir.

Qobustan Dövlət Tarix-Bədii Qoruğu

Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında muzeydir. UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına aid edilmiş Dövlət Tarix-Bədii Qoruğu dünya miqyasında unikal bir abidədir. Qobustan Qoruğu Bakı şəhərinin Qaradağ rayonunda, Böyük Qafqazın Qobustan massivinin şimal-şərqində yerləsir. Qoruğun ərazisində Kiçikdaş, Böyükdaş, Cingirdağ, Şonqar və Şixqaya dağları ətəklərində üst poleolitdən orta əsrlərədək böyük bir dövrə aid qayaüstü rəsmlər təsvir olunub. 

Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir. Qobustandakı qayaüstü rəsmlər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadıqları Yallı rəqsini xatırladır. 

Qaya üzərində latın dilində yazılmış  kitabədən məlum olur ki, imperator Domisianın dövründə bizim eradan əvvəl 81-96-cı illərdə 12-ci Roma legionu Azərbaycanda olub. Bundan başqa Qobustanda XII-XIV əsrlərə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılara da təsadüf olunur.

Böyükdaş və Cingirdağda olan və "Qavaldaş" adlanan daş musiqi qurğuları böyük ixtira kimi dəyərləndirilir. Cingirdağdakı "Qavaldaş"ın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulub. Bu daş altdakılara nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq var və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir. Böyükdaşdakı "Qavaldaş"ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir. Bu möhtəsəm musiqi qurğuları bu gün də yerlərində durur və öz quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin böyük diqqətinə və heyrətinə səbəb olur.

Qobustan abidələrinin tədqiqatı 1939-1940-cı illərdən başlayış və hazırda da davam edir.

Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu

Qala Dövlət Tarix Etnoqrafiya Qorugunun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskənidir. Bu da o deməkdir ki, 5 min il ərzində Qala kəndində insanlar yaşayıb fəaliyyət gostərib.Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri movcuddur. Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. 

Kənd 1988-ci ildə qoruq adını alıb. 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Qala qoruğu ərazisində açıq səma altında ilk "Arxeoloji Etnoqrafik Muzey kompleksi" yaradılıb. 

 

MUZEYLƏRİN ÜNVANLARI

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!