FİNAL 26 MAY 2012
gün saat dəq. san.
  • Azərbaycan
  • English

2011

Eurovision Mahnı Müsabiqəsində 3 il ardıcıl iştirak edən Azərbaycan bu layihədə qısa müddətdə uğur qazanmışdı. 2011-ci ildə təmsilçini müəyyən etmək üçün yeni Milli Seçim modeli tətbiq olundu. Sənəd qəbuluna 150-dən artıq iştirakçı gəlsə də, ilkin dinləmələrdən sonra Eurovision Milli Seçim turlarının televiziya şousuna 77 nəfər vəsiqə qazandı. Bu 77 iştirakçı isə hər birində 11 nəfər olmaqla 7 qrupda çıxış etdi. Beləliklə, 7 həftə davam edən Milli Seçim turlarında iştirakçılar həftədə 5 gün canlı efirdə yarışdılar. Milli Seçim turlarında ilk dəfə idi ki, tamaşaçıların rəyi münsiflər heyəti ilə eyni, yəni 50/50-yə nəzərə alınırdı. 7 həftənin qalibləri isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunan möhtəşəm final gecəsində Azərbaycanı Düsseldorfda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində təmsil etmək uğrunda yarışdılar. Finalda qonaq kimi çıxış edən Gürcüstanın 2010-cu ildəki Eurovision təmsilçisi Sofiya Nijaradze, 2011-ci ildəki müsabiqə iştirakçıları - San-Marinodan Senit Zadik və İsveçrədən Anna Rossellini  də finalçılarla eyni səhnəni paylaşdılar.

Finaldakı səsvermədə münsiflər yenə də duet formatını üstün tutdular və bir deyil, iki qalib seçdilər. Beləliklə, Düsseldorfda ölkəmizi Eldar Qasımov və Nigar Camal təmsil etməli oldular.

Qarşıda müsabiqəyə hazırlıq mərhələsi dururdu. Azərbaycanın ötən illərdəki uğurlu təmsilçiliyi iştirakçılarımızı bir az da ruhlandırır, həm də onların qarşısında böyük məsuliyyət yaradırdı. Hədəf Eurovision Mahnı Müsabiqəsi səhnəsində növbəti uğura imza atmaq idi.

Eldar və Nigar dueti (Ell/Nikki) müsabiqədə sözləri Stefan Örn və musiqisi Sandra Bjurmana məxsus "Running scared" mahnısı ilə çıxış etdi. Eldar və Nigarın Düsseldorf  şəhərində "Esprit" arenada məftunedici ifaları onları 43 ölkə arasında birinciliyə yüksəltdi. Təmsilçilərimiz 221 səs qazanaraq müsabiqənin bir çox favoritlərini geridə qoydu və Azərbaycan adı Evrovision Mahnı Müsabiqəsi tarixinə qalib ölkə kimi yazıldı.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Eurovision Mahnı Müsabiqəsinə ciddi hazırlığı və yanaşması ilə də seçilib. Nümayəndə heyətimiz hər il bu müsabiqədə yüksək səviyyədə təmsil olunmaq və Odlar Yurdunun dünyaya səs salan musiqi mədəniyyətini Avropaya mükəmməl təqdim etməyi qarşıya məqsəd qoyub.

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində iştirakının ilk günündən layihəyə dəstək verən Heydər Əliyev Fondunun təşkilatçılığı bu yarışmada uğurla təmsil olunmağımızda mühüm rol oynayıb.

Azərbaycan artıq Avropanın ən nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi  edir. Hazırda paytaxt Bakıda 57-ci Eurovision Mahnı Müsabiqəsinə ciddi hazırlıq gedir.

2012-ci ilin may ayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Razılaşmaya əsasən, bütün təşkilati işlərdə, eləcə də Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, Eurovision Mahnı Müsabiqəsi həftələrində "Eurovillage", "Euroclub" kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər nəzərdə tutulur.

Eldar və Nigar

Eurovision 2011

www.hotelsonline.az    Touroperators
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!